30.01.2018

"Məktəblərin tarixi və uğuru" layihəsinə start verilib

Sabirabad Rayon Təhsil Şöbəsinin tabeliyində 65 tam orta məktəb, 15 ümumi orta məktəb, 5 ibtidai məktəb, 2 məktəbdənkənar təhsil müəssisəsi vardır. Bu məktəblərin hər birinin öz tarixi və naliyyətləri vardır. Lakin bütün bunlar haqqında təhsil şöbəsinin rəsmi saytında indiyə qədər məlumat yerləşdirilməyib.

Məhz bu səbəbdən məktəblərin tarixi və nailiyyətləri haqqında geniş təsəvvür yaratmaq üçün "Məktəblərin tarixi və uğuru" layihəsinə start verilib. Layihədə ilk olaraq Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbi təqdim edirik.

Qaragüney kənd 1 məktəbi 1935-ci ildə tikilib və 7 illik məktəb kimi  fəaliyyətə başlayıb. Məktəb Kür çayı sahilindəki ikinci qoruyucu bəndin yaxınlığında yerləşir.

Məktəbin tikintisində yerli kənd sakinlərinin köməyindən istifadə olunub. Xüsusilə müəllimlər - Qədir Axundov, İsmayıl Həzrətquliyev, həmin dövrdə kolxoz sədri işləmiş Azayev Mehralı böyük rol oynayıblar. Tikinti materialları kolxoz rəhbərliyinin vasitəsi ilə dövlətdən alınaraq istifadə edilib. Bu tikintinin materialları bərə vasitəsi ilə Kür çayının sahilinə gətirilib və kənd sakinlərin köməyi ilə at–arabalarla tikinti ərazisinə daşınıb.

1935-ci ilədək  Şirvan şəhərində tanınmış pedaqoq və maarif şöbə müdiri olan Qədir Axundov kənddə təhsilin səviyyəsini qaldırmaq üçün, kəndə qayıdır və pedaqojı fəaliyyətini bu məktəbdə müəllim kimi davam etdirib. Həmin vaxt isə ərazidə tanınmış pedaqoq olan İsmayıl Həzrətquliyev məktəbin direktoru olub.

Ötən 83 il ərzində məktəbin minlərlə məzunu olub. Onlardan bir çoxu kənddə qalıb təsərrüfatla məşğul olsalarda, digərləri isə təhsillərini davam etdirərək Respublikanın müxtəlif ali məktəblərinin məzunları olublar.

Uzun illər təhsilin müxtəlif sahəsində çalışan əməkdar maarif xadimi olan Ağamalı Məmmədov çox sayda pedaqoqlar yetişdirib. O, Böyük Vətən Müharibəsinin veteranı olub.

Qabaqcıl təhsil ənənələrini davam etdirən, təhsil sahəsində müxtəlif fəxri fərmanların almış, Kənd Sovetinin deputatı Tədbir Ağacanov da  bu məktəbin yetirməsidir. Uzun müddət ərzində məktəbdə direktor vəzifəsində çalışmış T. Ağacanovun pedaqoji fəaliyyəti və nailiyyətləri məktəbin bu günki işində də öz əksini tapır. T. Ağacanovun yetirmələri bu gün məktəbin şagirdlərinin təlim- tərbiyəsində çox mühüm rol oynayır.

Məktəbin daha bir yetirməsi Pərvanə Mustafayeva Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsinin tələbəsi, sonradan elmi işçisi və dissertantı olub. 1992- ci ildən isə Azərbaycan Dövlət Universitetinin Sosial Siyasi  fənlər kafedrasında elmi işçi kimi fəaliyyət göstərib.

Müstəqil dövlətimizin keşiyində duran, sərhədlərini qoruyan General-mayor Abbasəli Novruzov məktəbin yetirməsidir. O, uzun illər Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışaraq, General-mayor rütbəsinə qədər yüksəlib. Onun hərbi-vətənpərvər  fəaliyyəti ulu öndər Heydər Əliyevin diqqətindən yayınmayıb. Azərbaycanın əməkdar hüqüqşunası, Fəxri əməkdaş, 1996–cı ildə isə Azərbaycan Bayrağı ordeni ilə təltif edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2017-ci il 25 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunub.

Məktəbin digər məzunu Ağasəf Axundov 1988–ci ildə SSRİ Ali Sovetinin deputatı  olub.

Əməkdar tibb işçisi genekoloq Minə Səfərova səviyyəsində tanınmış həkimdir. Qadınların hamisi, dayağı olan Minə Səfərova da məktəbin yetirməsidir.

Məktəbin, kəndin və rayonun sosial həyatında mühum rolu olan digər qadın məzunlarını da qeyd etmək lazımdır. Solmaz Nəzərova ötən əsrin 60–cı illərində ali məktəbə qəbul olmuş məktəbin  ilk qadın məzunlarından biridir. O, 50 il neft sahəsində çalışıb. Şəhid olmuş polis leytenentı Aqşin Səmədovun anasıdır. prezident təqaüdçüsüdür.

3 dəfə SSR Ali Sovetinə çağırışçı olan Səyyarə Axundovanın qabaqcıl pambıqçı, manqa başçısı, SSRİ Ali Sovetinin deputatı Mətanət Məmmədovanın da həyat və fəaliyyətində Qaragüney kənd 1 saylı tam orta məktəbin rolu böyükdür.

Məktəbin məzunu Fərhad Səfərov. Azərbaycan Tibb Universitetinin tələbəsi olub. Hazırda Şirvan Mərkəzi Xəstaxanasının baş həkimi vəzifəsində çalışır.

Məktəbin respublika və beynəlxalq arenalarda tanınmış idmançı məzunlarının nailiyyətləri danılmazdır. Dəfələrlə beynəlxalq arenalarda respublikamızı təmsil edən Nazim Məlikov və Ramiz Məmmədov Karate Pencak Silat federasiyasının təşəbbüsü ilə İtalyada keçirilmiş dünya çempionatında iştirak edərək dünya çempionu adını qazanıblar.

Hərbi vətənpərvərlik ruhunda tərbiyə almış məktəbin 11 məzunu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəliblər. Məktəbin şəhid məzunu İlqar Qasımovun adı 1994-cü ildən əbədiləşdirərək məktəbə verilib.

Son illərdə Prezidentimiz İlham Əliyevin Dövlətimizin , xalqımızın təhsilinə ayırdığı diqqət Qaragüney kənd 1 saylı tam orta məktəbin fəaliyyətindən yan keçməyib. 1970–ci ildə tikilən məktəbin 2–ci korpusu əsalı təmir edilib dərs otaqları və fənn labaratoriyaları , müxtəlif əyani və texniki vasitələri ilə təchiz edilib. Məktəbdə fizika, kimya labaratoriyaları, informatika kabineti, müxtəlif dərslik və bədii ədəbiyyatlarla təchiz edilmiş müasir tələblərə uyğun kitabxana var.

Böyük Pedaqojı ənənələri olan məktəbin uğurları indidə davam edir. Hər il məktəbin məzunları respublikanın və digər ölkələrin Ali məktəblərinə qəbul olaraq tələbə adını qazanırlar. Məktəbin uğuru olan məzunlardan bir neçəsinin adını burada qeyd etmək istərdik. Son 10 ildə məktəbin 20 nəfərdən çox məzunu respublikanın müxtəlif universitetlərinə qəbul olublar.

Bunlardan Cavidan Səfərov – Azərbaycan Dövlət Tibb Universiteti, Səlminaz Kərimova - İqtisadiyyat Universiteti, Nuranə Səlimova – Bakı Dövlət Universiteti, Əziz Babayev - Azərbaycan Texniki Universiteti, Zərxanım Musayeva - Sumqayıt Dövlət Universiteti, Leyla Ağacanova– Odlar Yurdu Universiteti, Nadirli Günay Hidayət qızı- Müəllimlər Universiteti, Səid Məlikov - Türkiyə Karabuk Universiteti, Əliş Məmmədov - Sumqayıt Dövlət Universiteti, Jalə Şirəliyeva - Avrasiya Universiteti, Lamiyyə Xudaverdiyeva - Bakı Dövlət Universiteti, Fəqan Əliyev - Dənizçilik Akademiyası, Seyidağa Kərimov - Azərbaycan Tibb Universiteti, Aydan Əhmədova - Lənkəran Dövlət universiteti və başqa məzunlar.

Respublika və rayon səviyyəsində keçirilən olimpiadalarda, müxtəlif tədbirlərdə, idman yarışlarında, seminarlarda, rəsm müsabiqələrində, inşa, yazı müsabiqələrində məktəbin şagirdləri uğurla iştirak edir Tədris ili ərzində məktəbdə bütün Dövlət əhəmiyyətli tədbirlər qeyd  edilir.

İl ərzində məktəbdə şagirdlərin daha ətraflı biliklərə yiyələnməsi və respublikkanın sosial həyatını daha yaxından tanımaq üçün müxtəlif seminar və elmi, metodiki konfranslar keçirilir. Azərbaycan və multikulturalizm mövzularnda keçirilən elmi metodiki konfranslarında məktəbin şagird, müəllim və valideyinləri ilə yanaşı təhsil prosesinin öyrədici, tərbiyə edici və inkişafetdirici xarakter daşıması üçün müəyyən tədbirlər keçirilir. Bununla yanaşı onlar siniflərində təhsil alan hər bir şagirdin  ailə vəziyyəti ilə maraqlanırlar. Maddi vəziyyəti çətin olan ailələrdən gələn uşaqlara xususi qayğı və diqqət göstərilir.

Gənc nəslin daha bilikli, inteluktual səviyyəli, rəqabətə dözümlu vətədaş kimi yetişdirilməsində məktəbin rolunun böyük olması danılmazdır. Məktəbin rəhbəri və müəllimləri təhsil müəssəsində sağlam işgüzar mühütün olmasına, vətəndaşların məktəbə və müəllimlərə etimadının artırılmasına, valideynlərin və cəmiyyətin yaxından iştirak etməsinə şərait yaradırlar. İl ərzində məktəbdə keçirilən valideyn iclasları, kənd ictimaiyəti arasında aparılan təbliğatlar, yerli icra organları ilə sıx əlaqələrin qurulması, himayədar vətəndaşların məktəbə cəlb olunmasını buna nümunə göstərmək olar.

İlqar Qasımov adına Qaragünüy kənd 1 nömrəli tam orta məktəb fəaliyyəti yuxarıda qeyd olunan fikirlərlə bitmir. Məktəbin rəhbərliyi, pedaqojı kollektivi gələcəkdə daha böyük uğurlara nail olmağı qarşılarına əsas məqsəd qoyublar.