15.03.2018

Məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tura qoşulublar

Sabirabad rayon məktəbliləri respublikada həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tura qoşulublar. Rayon ümumtəhsil məktəblərinin 40 nəfər şagirdindən ibarət qrup martın 15-də Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüb. Tur-aksiya 15-18 mart  tarixlərini əhatə edəcək.

Yola düşməzdən əvvəl aksiya iştirakçıları Heydər Əliyev parkında ağac və gül kolları əkib, Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gülnaz Əliyeva sevincini bölüşərək deyib: “Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Bizə bu imkanı yaradan Prezidentimizə minnətdaram”.

Ulacalı kənd tam orta məktəbinin X sinif şagirdi Səbuhi Sadıqov söhbətə qoşularaq fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Gəncə-Şəmkir-Göygöl rayonlarına yola düşürük. Sevincimiz hədsizdir. Ölkəmizin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb”.

Sonda Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən məktəblilər yola düşüblər.