15.09.2018

Yaxadəllək kənd tam orta məktəbi üçün tikilən yeni məktəb binası istifadəyə verilib

“Bilik günü”ndə Sabirabadın Yaxadəllək kənd tam orta məktəbi üçün tikilən yeni məktəb binası istifadəyə verilib.

Yeni istifadəyə verilən ikimərtəbəli məktəb binası 360 şagird yerlikdir. Məktəbdə 16 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və digər yardımçı sahələr fəaliyyət göstərəcək. Təhsil ocağında havalandırma, soyutma və istilik sistemləri qurulub, su və elektrik xətləri çəkilib, həyətdə abadlıq işləri görülüb. Müasir tələblər əsasında tikilən binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb.

 

Yeni təhsil ocağının istifadəyə verilməsi münasibəti ilə keçirilən mərasimdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Pəhləvan Qarayev vurğulayıb ki, rayonda təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir, təhsilin səviyyəsi yüksəlir.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov yeni dərs ilinin başlanması münasibəti ilə məktəbin pedaqoji kollektivini təbrik edib, “Bilik günü”ndə yeni məktəb binasının onlara qiymətli hədiyyə olduğunu söyləyib. N.İsmayılov son illər rayonda müasir tələblərə cavab verən 4 yeni məktəb binasının tikilib istifadəyə verildiyini, 5 məktəbin əsaslı təmir olunduğunu, hazırda 1200 şagird yerlik Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinin aparıldığını diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı, həmçinin qarşıdakı illərdə təhsil ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görüləcək işlər barədə də məlumat verib.

Çıxış edən müəllimlər, kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri kənddə yeni məktəb binasının tikildiyinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonda tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.


Açar sözlər: ,  ,