27.08.2019

Ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib

Sabirabad Rayon Mədəniyyət Mərkəzində Ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib. Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, məzunlar, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanları zamanı məzunlardan 5 nəfəri 600-dən, 37 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Ölkəmizdə, o cümlədən Sabirabad rayonunda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev bildirib ki, rayonda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıraları ildən-ilə artır.

Çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərə pul mükafatları təqdim edilib.


Açar sözlər: ,  ,  ,