İmişli rayonunda məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, şagirdlərin məsuliyyətli davranışlarının təşviqi və məktəblərdə sağlam təhsil mühitinin formalaşdırılması istiqamətində növbəti valideyn konfransı keçirilib.
İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan “Məktəb mədəniyyəti və şagird məsuliyyəti” mövzusunda konfrans geniş müzakirələr, açıq dialoq və iştirakçıların fəal iştirakı ilə yadda qalıb.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev və valideynlər iştirak ediblər.
Konfrans çərçivəsində məktəb mədəniyyətinin formalaşdırılması, şagirdlərin davranış qaydalarına əməl etməsi, valideyn məsuliyyətinin artırılması və məktəb-valideyn münasibətlərinin daha səmərəli qurulması ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı “Məktəb qaydaları məhdudiyyət deyil, təhlükəsizliyin təminatıdır”, “Virtual dünyada şagirdin rəqəmsal izi necə təmiz qala bilər?”, “Sağlam dostluqlar və tolerantlıq məktəbi xoşbəxt mühitə çevirir” mövzularına xüsusi diqqət yetirilib. Qeyd olunan məsələlər valideynlərin gündəlik həyat təcrübələri və məktəbdə müşahidə olunan vəziyyətlər əsasında müzakirə olunub, uşaqların həm real, həm də virtual mühitdə təhlükəsizliyinin qorunması, qarşılıqlı hörmət və məsuliyyət hissinin aşılanması ilə bağlı müxtəlif yanaşmalar səsləndirilib.
Konfransda çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili uşaqların davranışlarında müşahidə olunan dəyişikliklərin səbəblərinin düzgün müəyyənləşdirilməsinin və problemlərin yalnız nəticələrinin deyil, onların yaranma səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
O, şagirdlərin davranış və inkişaf xüsusiyyətlərinə həssas yanaşılmasının, onların qarşılaşdıqları çətinliklərin vaxtında müəyyən edilməsinin və müvafiq dəstək mexanizmlərinin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb. Bu istiqamətdə məktəb, valideyn və psixoloq arasında əlaqələrin daha da gücləndirilməsinin, preventiv tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin və məktəbdaxili psixoloji dəstək imkanlarının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Bildirilib ki, uşaqların şəxsiyyət kimi formalaşmasında məktəbin və ailənin rolu bir-birini tamamlayır. Şagirdlərdə məsuliyyət, qarşılıqlı hörmət, tolerantlıq və sağlam ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi yalnız məktəbin deyil, eyni zamanda ailənin də birgə səylərini tələb edir. Valideynlərin məktəbin həyatında fəal iştirakı, müəllimlərlə mütəmadi ünsiyyəti və uşaqların davranışlarına diqqətli yanaşması sağlam təhsil mühitinin formalaşmasına mühüm töhfə verir.
Konfransın əsas məqsədi məktəb və ailə arasında qarşılıqlı etimad və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, şagirdlərin məktəb mühitində özlərini təhlükəsiz və rahat hiss etmələrinə şərait yaratmaq, eləcə də onların məsuliyyətli və sağlam düşüncəli şəxsiyyət kimi formalaşmasına dəstək göstərmək olub.
Açıq dialoq şəraitində davam edən konfrans iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.