Təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud vəziyyətin təhlili və qarşıda duran hədəflərin müzakirəsi məqsədilə Mil-Muğan Regional Təhsil İdarəsində keçirilən görüşlərin növbəti ünvanı İmişli rayonu olub.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, İmişli rayon təhsil sektorunun müdiri Elşad Uğurliyev və rayonun təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2026–2027-ci tədris ili üçün təsdiq edilmiş keyfiyyət fəaliyyət planının icra vəziyyəti müzakirə olunub. Təhsil müəssisələrində tədrisin keyfiyyəti, mövcud nəticələr və qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə müasir təlim metodlarının tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi və təlimə marağının gücləndirilməsi əsas istiqamətlər kimi diqqətə çatdırılıb.
4-cü, 6-cı və 9-cu siniflər üzrə son üç ilin nəticələri təhlil edilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və təkmilləşdirilməsinə ehtiyac duyulan sahələr nəzərdən keçirilib.
Şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsi, təlim nəticələrinin yaxşılaşdırılması, dərsdinləmələrin müvafiq qaydalar əsasında təşkili və müşahidə olunan dərslərin nəticələrinin təhlili məsələlərinə xüsusi diqqət yetirilib. Bu istiqamətdə müəllimlərə metodiki dəstəyin göstərilməsinin, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü fəaliyyətin təşkilinin vacibliyi vurğulanıb.
Görüşün sonunda təhsil müəssisələrinin rəhbərlərinə təlim nəticələrinin mütəmadi təhlili, keyfiyyət fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı, təhsil müəssisələrində vətəndaş müraciətlərinə həssas yanaşılması, vətəndaş qəbullarının müəyyən edilmiş qaydada təşkili və müraciətlərin diqqətlə araşdırılması məsələləri də diqqətə çatdırılıb.