29.10.2026

Saatlıda “Şagirdin fərdi inkişafı və gələcək istiqamətinin müəyyənləşdirilməsi: maraq və bacarıqların üzə çıxarılması” mövzusunda valideyn konfransı keçirilib

Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan “Şagirdin fərdi inkişafı və gələcək istiqamətinin müəyyənləşdirilməsi: maraq və bacarıqların üzə çıxarılması” mövzusunda konfrans geniş müzakirələr, açıq dialoq və valideynlərin fəal iştirakı ilə yadda qalıb.

 

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, eləcə də valideynlər iştirak ediblər.

 

Konfransın əsas məqsədi şagirdlərin fərdi xüsusiyyətlərinin, maraq və bacarıqlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyətini diqqətə çatdırmaq, onların gələcək inkişaf istiqamətlərinin seçilməsində valideynlərin rolunu müzakirə etmək və məktəb-valideyn əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə vermək olub.

 

Müzakirələr zamanı “Övladınızın daxilindəki gizli istedadı necə kəşf edə bilərsiniz?”, “Sevilən sahədə motivasiya daha yüksək olur”, “Valideyn seçimi tələb edən, yoxsa bələdçi olan tərəf olmalıdır?” və “Fərdi yanaşma potensialı zirvəyə daşıyır” mövzularına xüsusi diqqət yetirilib.

 

Çıxışlarda vurğulanıb ki, hər bir şagird özünəməxsus maraq, bacarıq və potensiala malikdir. Bu potensialın üzə çıxarılması üçün uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması, onların maraqlarına uyğun inkişaf imkanlarının yaradılması və düzgün istiqamətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Şagirdlərin gələcək peşə və təhsil seçimində yalnız akademik göstəricilərin deyil, həm də şəxsi maraqların, meyillərin və bacarıqların nəzərə alınmasının vacibliyi qeyd olunub.

 

Konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili mövzu ilə baölı çıxış edərək şagirdlərin fərdi inkişafında ailə və məktəbin birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. O, valideynlərin övladlarının maraq və bacarıqlarını müşahidə etməsinin, onların seçimlərinə anlayışla yanaşmasının və gələcək istiqamətlərinin müəyyənləşdirilməsində dəstəkləyici mövqe tutmasının vacibliyini diqqətə çatdırıb.

 

Bildirilib ki, valideynin əsas vəzifəsi övladının əvəzinə qərar vermək deyil, onun özünü tanımasına, imkanlarını dəyərləndirməsinə və doğru seçim etməsinə kömək göstərməkdir. Uşaqların maraq göstərdiyi sahələrdə inkişafına şərait yaradılması, təşəbbüslərinin dəstəklənməsi və fərdi potensiallarının üzə çıxarılması onların gələcək uğurlarının təməlini formalaşdırır.

 

Açıq dialoq şəraitində davam edən müzakirələr zamanı valideynlər də öz fikir və təcrübələrini bölüşüb, şagirdlərin fərdi inkişafı, motivasiyasının artırılması və gələcək istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı onları maraqlandıran məsələlərə toxunublar.

 

Konfransın sonunda qeyd olunub ki, hər bir uşağın potensialını kəşf etmək və onu düzgün istiqamətləndirmək üçün məktəb və ailə arasında qarşılıqlı etimad, davamlı ünsiyyət və əməkdaşlıq mühüm rol oynayır.


Açar sözlər: ,  ,