Ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Hazırda respublikada 100 mindən çox uşağı əhatə edən 1604 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nda nəzərdə tutulmuş tədbirlərin icrasını sürətləndirmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Ölkədə məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il.