11.12.2018

"Müəllimlik peşəsinə sevgim hələ beşinci sinifdən yaranıb"

Nuriyyə Məmmədova 1988-ci ildə Ağdam rayonunda anadan olub. 1993-cü ildə ildə isə erməni silahlı birləşmələrinin hücumu nəticəsində Nuriyyənin ailəsi doğma ev-eşiyindən didərgin düşərək  Bakı şəhərinə köçməyə məcbur olublar. O, 1995-cü ildə Nərimanov rayon 193 nömrəli məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Filologiya fakultəsinə daxil olur və Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. O, Təhsil Nazirliyi tərəfindən 2018-2019-cu tədris ilində müəllimlərin işə qəbulu üzrə vakant yerlərə keçirilən imtahanlarda yüksək nəticə göstərərək, Sabirabad şəhər 1 nömrəli tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi  təyin olunub. Pedaqoji fəaliyyətilə maraqlanıb gənc müəllimin şəxsi təəssüratlarını öyrənmək üçün onunla çalışdığı məktəbdə  görüşdük.

-  Müəllim olmağı əvvəldən istəmisiz? Bu qərara necə gəldiniz?

- Mənim müəllimlik peşəsinə sevgim hələ beşinci sinifdən yaranıb. V sinifdə oxuyanda yeni müəllim gəlmişdi, onun bizə olan sevgisi, qayğısı, özünəməxsus dəsti-xətti bu peşəni gözümdə çox yüksəklərə qaldırdı. Elə həmin vaxtda düşünürdüm ki, mən müəllim olacağam. Ancaq öyrətmək haqqında düşünürdüm. Müəllimlərin işə qəbul imtahanı isə mənim üçün əla fürsət idi.  2018-ci ildə müsabiqədə iştirak etdim. Yüksək nəticə toplamağıma baxmayaraq seçimlərimdə ancaq bölgələri qeyd etdim.

- Bir çox müəllimlər öz yaşadıqları əraziyə yaxın məktəblərdə çalışmağa üstünlük verir. Siz isə qeyd etdiz ki, yalnız bölgə məktəblərin seçdim. Bunun səbəbini nə ilə izah edirsiz?

- Rayon məktəblərində işləmək də mənim çoxdankı istəyim olub. Hər zaman düşünürəm ki, rayonlarda gənc müəllimlərə daha çox ehtiyac var. Bu hər kəsə məlumdur ki, gənc müəllimlər daha çox yenilikçi və yaradıcı olur. Müasir dövrdə isə şagirdlərin fənnə maraqlarını artırmaq və keyfiyyət əldə etmək üçün də yenilik mühüm amildir.

- Sizcə yenilikçi, müasir müəllim necə olmalıdır?

- Bu suallara kiçik misallar göstərsəm, mövcud mənzərə daha yaxşı canlanar. Zaman dəyişir, təhsil dəyişir, təhsilin məzmunu sürətlə dəyişir, müasir dövrdə bütün sahələr elektronlaşır, hətta bəzi sahələrdə süni intellektdən də istifadə olunur. Şagirdlər evdə telefonla, kompüterlə oynayır yaxud digər məqsədlər üçün istifadə edirlər. Gəlin etiraf edək ki, sinifdə lövhədə yazı və kitablar artıq onlar üçün elə də maraqlı görünmür. Bu səbəbdən biz dərsləri onlara maraqlı olan tərəfdən tədris etməliyik. Bunun üçün isə mütləq bizim kompüter bilikləri və internetdən düzgün istifadə etmək bacarıqlarımız olalıdır. Yaşlı nəslin əksər hissəsi ya ümumiyyətlə kompüterdən istifadə edə bilmir ya da bacarıqları yetərli deyil. Hər hansı bir dərs üçün hələ təkcə bir videoçarx nümayiş etdirmək, həmin dərsin şagirdlərin yaddaşlarında daha yaxşı qalmasına və dərsin maraqlı olmasına kömək edəcək.

- Peşə fəaliyyətinə yeni başlamısız. Bəs Siz özünüzü şagirdlərə sevdirməyi bacarmısızmı?

- Şagirdlərim məni çox sevir, elə peşəmə sevgim də onları sayəsində artır. Onların həm müəllimiyəm həm də onlarla dost olmuşam. Daim diqqətə saxlayıram, hansı şagirdimdə narahatlıq görsəm, onunla söhbət edirəm, probleminin nə olduğunu öyrənib ona kömək etməyə çalışıram. Bəzən sinifə daxil olanda lövhədə mənim üçün gözəl sözlər yazdıqlarını  görürəm. Bir dəfə şagirdlərimdən biri lövhəyə yazmışdı ki, “Müəllim, Siz artıq lövhədən qorxmayan bir şagird qazandız.” Bu yazıdan çox təsirlənmişdim. Həm də artıq bunu özümə uğur hesab edirəm.

- Siz şagirdlərin ünsiyyət probleminin öhtəsindən necə gəlirsiz?

- Bunun çox sadə həlli üsuları var. Elə məktəbin tədbirlər planındakı tədbirlərə ünsiyyət problemi olan uşaqların cəlb edilməsi getdikcə onlarda özügvən formalaşdırır və problemin bir qismi öz həllini tapır. Təbii ki, dərs prosesində də müəllim şagirdləri diqqətdə saxlamalı və bütün şagirdlərin dərsdə aktiv şəkildə iştirakına çalışmalıdır. Amma tədbirlərin keçirilməsi xüsusi ilə şagirdlər üçün çox vacibdir. Tədbirlərdə şagirdlər artıq kütlə qraşısında çıxış etməyi, özünü ifadə etməyi öyrənir. Hazırda nitq probleminin çox aktual msəslə olduğunu nəzərə alaraq digər müəllimlərə də tövsiyə edirəm ki, tədbirlərin keçirilməsinə ciddi yanaşınlar.

- Pedaqoji fəaliyyətə yeni başlamısız, özü də evinizdən uzaq bir yerdə. Bu sizin üçün çətinliklər törədirmi?

- Uzaq olmağımla bağlı heç bir problem yaşamıram. Bura ilk gələndən kollektivdə və rayonda çox mehriban və isti münasibət görümüşəm. Ona görə də heç özümü qonaq kimi də hiss etmirəm. Şagirdlərin utancaq və ünsiyyətcil olmamalarını başlıca problem görürəm. Paralel olaraq dərs zamanı çalışıram ədəbi dildə danışsınlar, dialekt və ləhcələrdən istifadə etməsinlər.

- Necə düşünürsüz, şagirdlərinizlə ideal şagird-müəllim münasibəti qura bilmisinizmi?

- Ümumiyyətlə ideal münasibət yoxdur. Bütün münasibətlərdə müəyyən qədər çatışmayan cəhətlər olur. Hər halda mən çalışıram ki, bu münasibətlər son dərəcə yaxşı və səmimi bir atmosferdə qurulsun. Mənə elə gəlir ki, müəyyən qədər buna nail olmuşam. Əgər şagirdlərim məni sayırlarsa, problemləri olduqda mənə müraciət edirlərsə bu o deməkdir ki, mən onların etimadını və etibarını qazanmışam. Müəllim üçün də ən önəmli olan şagirdlərin etibarını və etimadını qazanmaqdır və mən buna nail olmuşam.

- Gələcək üçün qarşınıza hansı məqsədlər qoymusunuz, hansı planlarınız var?

- Əsas məqsədlərimdən biri budur ki, şagirdlərim olimpiadalarda yüksək nəticə göstərsin. Doğrudur bunun üçün bir neçə il zaman lazımdır. Amma əsas məqsədlərimizə doğru əzmlə çalışmaqdır. Ali təhsilimi  davam etdirmək gələcək planlarımdan biridir. Ümumiyyətlə hər müəllim peşəkarlaşması üçün daim üzərində işləməlidir. Sevindirici haldır ki, artıq ölkəmizdə müəllimin nüfuzu günbəgün yüksəlməkdə davam edir. Bu da öz növbəsində müəllim peşəsinə marağın yüksəlməsinə və rəqabətin artmasına səbəb olub.

- Müəllim olmaq niyyətində olanlara tövsiyəniz nədir?

- Qarşıya qoyulan hər məqsədə çatmaq olur. Yetər ki, can-başla çalışasan, heç kim alim doğulmur, hamı oxuyub məlumatlanır. Daha səylə çalışmaq və uğura imza atmaq lazımdır.