06.06.2026

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatının zona mərhələsi başa çatıb.

 

Yarış İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrini təmsil edən şagird komandalarını bir araya gətirib. Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan yarış gərgin və eyni zamanda maraqlı mübarizə şəraitində keçib.

 

İntellektual bilik, məntiqi düşünmə və komanda işi bacarıqlarının ön plana çıxdığı yarışda iştirakçılar müxtəlif mövzularda hazırlanmış sualları cavablandıraraq öz bilik və hazırlıq səviyyələrini nümayiş etdiriblər. Turnirin sonunda Saatlı rayonunu təmsil edən “Birlik” komandası daha yüksək nəticə göstərərək zona mərhələsinin qalibi olub.

 

Qalib komanda təşkilatçılar tərəfindən kubok və medallarla mükafatlandırılıb. Bundan əlavə, “Birlik” komandası uğurlarının davamı olaraq müvafiq televiziya kanalı tərəfindən həyata keçiriləcək xüsusi çəkilişlərdə iştirak etmək hüququ da qazanıb.