01.10.2026

Məktəblərdə qabaqcıl müəllimlərlə görüşlər keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan qabaqcıl və fədakar müəllimlərlə görüşlər keçirilib.

 

Görüşlərin keçirilməsində əsas məqsəd təhsil sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və əldə etdiyi uğurlarla seçilən müəllimlərin əməyinə verilən dəyəri ifadə etmək, onların qarşılaşdıqları məsələləri dinləmək və fikir mübadiləsi aparmaq olub.

 

Görüşlərdə Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə rəhbərləri iştirak ediblər. Səmimi söhbət formatında keçirilən görüşlər zamanı müəllimlər qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, onlara pedaqoji fəaliyyətlərində möhkəm cansağlığı, yeni nailiyyətlər və uğurlar arzulanıb.

 

Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafında, gənc nəslin formalaşmasında və ölkənin gələcəyinin qurulmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, müəllim yalnız şagirdə bilik verən şəxs deyil, eyni zamanda onun dünyagörüşünün formalaşmasına, düzgün istiqamət seçməsinə, özünəinam qazanmasına və cəmiyyətə faydalı şəxsiyyət kimi yetişməsinə töhfə verən əsas şəxslərdəndir.

 

Görüşlər zamanı müəllimlərin gündəlik fəaliyyəti, tədris prosesində qarşılaşdıqları məsələlər, müasir təhsil mühitinin yaratdığı yeni imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Müəllimlərin təklif və təşəbbüsləri dinlənilib, onların təhsil prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı fikirlərinə diqqətlə yanaşılıb.

 

Qabaqcıl müəllimlər də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Onlar ölkəmizdə təhsilin inkişafı istiqamətində son illərdə həyata keçirilən islahatların müəllim və şagirdlər üçün yeni imkanlar yaratdığını qeyd ediblər.


Açar sözlər: ,  ,