27 Sentyabr - Anım Günü ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsində torpaqlarımızın ərazi bütövlüyü və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir Vətənimizin azadlığı və suverenliyi uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəyirmi masa zamanı 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətindən bəhs olunub. Çıxışlarda Vətən müharibəsinin ilk günlərindən etibarən xalqımızın nümayiş etdirdiyi birlik və həmrəyliyin Zəfərin əldə olunmasında mühüm rol oynadığı vurğulanıb. Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açılıb.
Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onların keçdiyi şərəfli döyüş yolunun gənc nəslə çatdırılması, Vətən sevgisinin, milli-mənəvi dəyərlərə bağlılığın və vətəndaşlıq məsuliyyətinin gücləndirilməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir.
Tədbir iştirakçıları şəhidlərimizin həyat və döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu qeyd edərək, onların əziz xatirəsinin hər zaman ehtiramla yad ediləcəyini bildiriblər.
Sonda 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.