25.09.2026

“Böyük zəfərin əbədi qəhrəmanları” mövzusunda tədbir keçirilib

Beyləqan Rayon İcra Hakimiyyətinin, Beyləqan rayonu üzrə təhsil sektorunun, Heydər Əliyev Mərkəzinin, Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Mil-Muğan Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları, dövlət və ictimai qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edənlər 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, məhz 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfər tarixinin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və peşəkarlıq nəticəsində torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.

 

Çıxışlarda Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığından, onların Azərbaycan tarixində əbədi yaşayacaq şərəfli izindən söz açılıb. Bildirilib ki, şəhidlərimizin hər birinin həyat yolu, göstərdiyi şücaət və Vətən sevgisi gələcək nəsillər üçün örnəkdir.

 

Şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər zamanı onların keçdiyi həyat yolu, Vətən müharibəsi ilə bağlı xatirələri dinlənilib, şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

 

Qeyd edilib ki, xalqımız və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar şəhidlərimizin müqəddəs xatirəsini yalnız 27 Sentyabr – Anım Günündə deyil, hər zaman böyük ehtiramla yad edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəmanlarımızın adı xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

Tədbirin sonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Ordumuz qürurumuzdur” adlı videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,