31.08.2026

2026-2027-ci tədris ilinin başlanması ərəfəsində Beyləqan və Saatlı rayonlarında təhsil işçilərinin ənənəvi sentyabr konfransları keçirilib

Konfranslarda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, idarənin struktur bölmə rəhbərləri, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, rayon təhsil sektorlarının rəhbərləri və əməkdaşları, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri və pedaqoji ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Beyləqanda keçirilən konfransdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Konfranslar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirlərdə çıxış edən Saatlı rayon təhsil sektorunun müdiri Günay Sultanova və Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda ötən tədris ili ərzində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər və qarşıdakı dövr üçün müəyyənləşdirilmiş prioritet istiqamətlər barədə ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, təhsilin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və məktəblərdə müasir idarəetmə yanaşmalarının tətbiqi yeni tədris ilində də əsas fəaliyyət istiqamətlərindən olacaq. Bununla yanaşı, müasir təlim metodlarından səmərəli istifadə, məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi, tərbiyə işinin daha sistemli təşkili, sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Konfrans çərçivəsində təqdim olunan hesabatlarda ümumi təhsil müəssisələrinin fəaliyyət göstəriciləri geniş təhlil olunub. Məktəblərin özünüqiymətləndirmə prosesləri, dərsdinləmələrin təşkili, məktəb kateqoriyalarının inkişaf dinamikası, SWOT təhlillərinin nəticələri, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, həmçinin təlim nəticələri zəif olan şagirdlərlə aparılan məqsədyönlü işlərin səmərəliliyi diqqət mərkəzində saxlanılıb.

 

Müzakirələr zamanı müəllimlər arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və peşəkar inkişaf mühitinin gücləndirilməsinin təhsilin keyfiyyətinə mühüm təsir göstərdiyi qeyd olunub.

 

Tədbirdə IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələri, eləcə də IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri ötən tədris ilinin nəticələri ilə müqayisəli formada təqdim edilib. Təhlillər əsasında mövcud vəziyyət qiymətləndirilib, inkişaf potensialı olan istiqamətlər müəyyənləşdirilib və qarşıdakı dövr üçün fəaliyyət planları müzakirə olunub.

Konfranslarda çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili yeni tədris ilində qarşıda duran əsas vəzifələrdən danışıb. O, təhsil nəticələrinin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmə mexanizmlərinin, xüsusilə KSQ və BSQ-lərin səmərəli təşkili, şagirdlərlə fərdi və məqsədyönlü işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəb idarəetməsinin daha da təkmilləşdirilməsinin prioritet istiqamətlər olduğunu vurğulayıb.

 

İdarə müdiri həmçinin qeyd edib ki, hər bir təhsil müəssisəsinin inkişafı sistemli fəaliyyət, peşəkar yanaşma, innovativ təcrübələrin tətbiqi və komanda işinin gücləndirilməsi ilə birbaşa əlaqəlidir. Bu baxımdan yeni tədris ilində bütün rəhbər və pedaqoji heyətin qarşıya qoyulan hədəflərə nail olmaq üçün səylərini səfərbər etməsinin vacibliyi diqqətə çatdırılıb.

Konfranslar çərçivəsində yeni tədris ilinin prioritetləri, qarşıda duran vəzifələr və həyata keçiriləcək tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

 

Qeyd edək ki, sentyabr konfransları ikinci gün də panel müzakirələrlə öz işini davam etdirəcək.

 


Açar sözlər: ,  ,