04.05.2016

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin məlumatları

        Müsabiqə 3 (üç) mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarət olmaqla aşağıdakı qaydada təşkil ediləcəkdir : 1. Müsabiqədə yalnız müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlər iştirak edə bilər.  2. Müsabiqədə iştirak etmək istəyən müəllimlər 03.05.2016 – 10.05.2016-cı il tarixlərdə  miq.edu.az/baku  internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. 3. Yerdəyişmə üçün müraciət edən müəllim təqdim olunmuş vakant yerlərdən ən çoxu 3(üç) yer seçə bilər. 4. Elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslər ən geci 3 (üç) iş günü ərzində aşağıdakı sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər (sənədlərin təqdim edilməsi üçün son tarix 12.05.2016-cı ildir) : 4.1. İşlədiyi məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir). 4.2. Hazırda işlədiyi məktəb direktorunun müəllimin iş yerinin dəyişməsi ilə bağlı razılıq məktubu (nümunə əlavə olunur). 4.3. Əmək kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir). 4.4. Şəxsiyyət vəsiqəsinin surəti.  4.5. Təhsil haqqında sənədin (diplomun) surəti. 5. Müsabiqədə iştirak etmək üçün müraciət edən və ərizələrin elektron qaydada qeydiyyata alınmasında çətinlik çəkən şəxslərə köməklik göstərilməsi və qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilən yuxarıda göstərilən sənədlərin qəbul edilməsi məqsədilə 03.05.2016 – 12.05.2016-cı il tarixlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasında qəbul məntəqəsi (I-V günlər saat: 09:00 – 18:00, şənbə günü saat: 10:00 – 15:00) fəaliyyət göstərəcəkdir. 6. Müsabiqənin elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və yuxarıda qeyd edilən siyahı üzrə təqdim edilən sənədlərin təhlili aparılaraq müraciət edən şəxslər müsabiqənin  növbəti - test imtahanı mərhələsinə buraxılacaqdır.
7. Müsabiqənin test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (miq.edu.az/baku internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi səhifəsində yerləşdiriləcək, eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndəriləcəkdir. 8. Müsabiqənin test imtahanı mərhələsində qənaətbəxş nəticə göstərmiş – zəruri keçid balını toplamış – şəxslər müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəkdir. 9. Müsahibə mərhələsində yerdəyişmə həyata keçiriləcək ümumi təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə aparılacaq və müvafiq müəssisə rəhbərinin əsaslandırılmış rəyi nəzərə alınaraq onların iş yerlərinin dəyişdirilməsi müvafiq qaydada həyata keçiriləcəkdir. 10. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları ilə mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə onun nəticələri ləğv ediləcəkdir.    11. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilməyəcəkdir. 12. Müsabiqədə zəruri keçid balını toplayaraq vakant yer tutmaq hüququ qazanmış hər hansı bir namizəd öz yerindən imtina etdiyi halda, onun əlavə yerləşdirmədə iştirakı təmin olunmayacaqdır. 13. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra 5(beş) iş günü ərzində baxılacaqdır.  14. Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən müəllimlərin siyahısı müşayiətedici məktubla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan müəssisələrə göndəriləcəkdir. İdarənin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. 15. Müəllimlərin yerdəyişməsi ilə əlaqədar bu qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə təhsil müəssisələrinin rəhbərləri, habelə işçi qrupunun üzvləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.