03.03.2017

"Hərəyə bir ağac əkək"

Sabirabad rayon 4 nömrəli şəhər tam orta məktəbdə "Hərəyə bir ağac əkək" devizi altında Novruz Bayramının gəlişi ilə əlaqədar bayram iməcliyi  keçirilib. İməclikdə V-XI sinif şagirdləri və müəllimlər iştirak edib.

Məktəbin direktoru Mahir Zahidov çıxış edərək qeyd edib ki, ağaclar təbiətin insanlara bəxş etdiyi heyrətamiz gözəlliyə malik və ibtidaidən aliyə qədər saysız-hesabsız canlının yaşayış məskəni olan təbii sərvətdir. Ağaclar planetimizin həyat mənbəyidir. Yer üzərində oksigenlə zəngin atmosfer havasının əmələ gəlməsində, su və maddələr dövranında, iqlim şəraitinin tənzimlənməsində ağacların rolu əvəzsizdir.

Daha sonra ağacların əkilməsinə start verilib. Eyni zamanda məktəbin həyətyanı sahəsi təmizlənib, digər ağacların dibi bellənib və sulanıb. Şagirdlər bu aksiyada böyük həvəslə iştirak edib.

İməcliyin keçirilməsində məqsəd xalqımızın milli dəyərlərini qorumaq və gələcək nəsillərimizə ötürmək, eyni zamanda şagirdlərimizdə zəhmətə, əməyə olan sevgini artırmaq olub.


Açar sözlər: ,  ,