16.03.2017

Şagirdlərdən ibarət qrup  “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.

Sabirabad rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup martın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar. Şagirdlərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq" devizi ilə onların respublikanın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində təhsildə, idmanda və tədris müəssisəsinin ictimai həyatında fərqlənən  40 şagird iştirak edir. Şagirdləri 4 müəllim və 1 həkim müşayət edir.

Sabirabad Rayon İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirakçıları salamlayaraq şagirdlərə turun məqsədi barədə məlumat verib. Bildirilib ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

YAP Sabirabad Rayon Təşkilatının Sədri və Gənclər idman idarəsinin rəisi Nadir Quliyev  çıxış edərək məktəbliləri salamlayıb və onlara layihə haqqında geniş məlumat verib.

Yola düşməzdən əvvəl aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Sonra məktəblilər Sabirabad rayon Heydər Əliyev mərkəzinin  qarşısında şəkil çəkdirib, və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola düşüblər.


Açar sözlər: ,