07.04.2017

Qabaqcıl təhsil işçisi

Elşad Şərifov  1966-cı ildə Sabirabad şəhərində dünyaya gəlib. 1976-cı ildə orta təhsilini başa vurub və 1977-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub. 1981-cı ildə ali təhsilini başa vuran Elşad müəllim, Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə tarix müəllimi təyin edilib. Həmin ilin noyabr ayından 1983-cü il 1 iyun tarixinə kimi ordu sıralarında xidmət edib və leytenant hərbi rütbəsinə kimi yüksəlib. 1983 ildə hərbi xidməti bitirdikdən sonra yenidən 5 nömrəli məktəbdə tarix müəllimi təyin edilib. 1987-ci ildə isə məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib. 1992-ci ildə Sabirabad şəhər 2 nömrəli beynəlmiləl məktəbə direktor təyin edilib. Naliyyətlər nəzərə alınaraq 2008-2009-cu tədris ilindən məktəb təbiət və texniki fənlər təmayüllü məktəb-lisey kimi fəaliyyət göstərir.

Elşad müəllim məktəbdə tədris keyfiyyətinin yüksəldilməsində əldə etdiyi uğurlara görə 5 oktyabr 2015-ci il tarixdə Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"  döş nişanına layiq görülüb. 5 oktyabr 2016-cı ildə isə Azərbaycan Respulkiasının Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülüb. Həmçinin 2015-ci Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən də məktəb medalla mükafatlandırılıb. Məktəb Avropa Birliyinin dəstəyi ilə UNİCEF tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar və Təhsil Nazirlikləri ilə birgə həyata keçirilən "Təhsildə fəlakət riskinin azaldılması" layihəsində uğurla iştirak etmişdir.

Elşad müəllim rəhbərlik etdiyi məktəbdə daim tədrisin keyfiyyətinin yüksəldilməsinə çalışır. Məktəbdə mütəmadi olaraq şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün test üsulu ilə sınaq imtahanları keçirilir. İmtahanların nəticələri isə məktəbin veb saytında yerləşdirilir. Bu da həm valideynlərin həm də şagirdlərin imtahan nəticələri barədə məlumat almasını asanlşdırır.

Hal-hazırda məktəbdə 1223 şagird təhsil alır və 95 peşəkar müəllim var. Ötən il Sabirabad rayonu üzrə Ali məktəbə daxil olan şagirdlərin sayına görə bu məktəb birinci yerdə qərarlaşıb. Bütün bu uğurlarda Elşad müəllimin rəhbərlik etdiyi məktəbdə tələbkar olması, işinə məsulliyyətli yanaşması, tədrisin keyfiyyətinin yüksəldilməsini əsas tutması böyük əhəniyyət kəsb edir.


Açar sözlər: ,