14.04.2017

"Vətənin müdafiəsinə hazıram!”

Aprelin 14-də Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad Rayon İcra Hakimiyyəti,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov ,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Sabirabad rayon şöbəsinin şəxsi heyəti, şəhid ailələri,  Qarabağ  Müharibəsi veteranları, Təhsil Şöbəsinin əməkdaşları və yuxarı sinif şagirdləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti Başçısı Nazim İsmayılov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulayıb.

Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb.

Tədbirdə 1 , 2 və 4 nömrəli məktəbin şagirdləri maraqlı kompozisiyalarla çıxış ediblər.

Dövlət Xidməti tərəfindən Surra kənd tam orta məktəbin Gənclərin hərbi çağırışadək hazırlığı müəllimi Mirəfqan Mirqiyasov tədrisin keyfiyyətinə və şagirdlərin vətənpərvər ruhda tərbiyəsinə görə plaketlə mükafatlandırılıb.  Hçəmçinin Ulacalı kənd tam orta məktəbin 11b sinif şagirdi Akşin Əliyev də plaketlə mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib. Rayonu "Şahin" hərbi idman oyunlardında təmsil edəcək komanda isə marş sədaları altında səhnəyə addımlayıb.

Bu tədbir şagirdlərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük təsir göstərib.