Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 8 Noyabr - Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini aşılamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, onlarda milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və qəhrəmanlıq tarixinə bağlılığı gücləndirmək olub.
Zəfər Günü münasibətilə təhsil müəssisələrində xüsusi dərslər, “dəyirmi masa”lar və seminarlar keçirilib. Bu tədbirlərdə Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi və Zəfərə aparan yol barədə ətraflı müzakirələr aparılıb, şagirdlərə tarixi faktlar və qəhrəmanlıq nümunələri çatdırılıb.
Bununla yanaşı müxtəlif mövzularda müsabiqələr və sərgilər keçirilib. Şagirdlər hazırladıqları əl işləri, rəsm əsərləri, təqdimatlar və bədii kompozisiyalar vasitəsilə Vətənə, dövlətə və tarixi Zəfərimizə olan sevgilərini ifadə ediblər.
Silsilə tədbirlər çərçivəsində idman yarışları, yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda görüşlər, eləcə də konsert proqramları və teatr tamaşaları da nümayiş etdirilib. Bu tədbirlər şagirdlərin həm yaradıcılıq imkanlarının üzə çıxarılmasına, həm də onların ictimai və məktəb həyatında fəal iştirakına şərait yaradıb.