12 Noyabr – Konstitusiya Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında intellektual bilik yarışı keçirilib.
Yarışda Mil-Muğan regionunda yeni təmayül tədris modelinin tətbiq olunduğu təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak ediblər. Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarını təmsil edən 5 məktəbdən 10 komandanın qatıldığı yarış şagirdlərin hüquqi biliklərinin, dünyagörüşünün, məntiqi təfəkkürünün və komanda şəklində işləmək bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili şagirdləri salamlayaraq, onlara uğurlar arzulayıb. O, çıxışında Konstitusiya Gününün Azərbaycan dövlətçilik tarixindəki mühüm yerindən, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının əhəmiyyətindən danışıb.
Maraqlı və rəqabətli şəraitdə keçən yarış zamanı komandalar bilik və bacarıqlarını nümayiş etdirərək verilən sualları cavablandırıblar. İştirakçılar həm fərdi biliklərini, həm də komanda ruhunu və çevik düşünmə qabiliyyətlərini ortaya qoyublar.
Yarışın yekun nəticələrinə əsasən, İmişli rayonunu təmsil edən “44” komandası bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Saatlı rayonunun “Dəmir Yumruq” komandası ikinci, Beyləqan rayonunun “Nizami” komandası isə üçüncü yeri tutub.
Sonda qalib komandalar Mil-Muğan Regional Təhsil İdarəsinin diplomları ilə təltif olunublar.
Qeyd edək ki, intellektual bilik yarışı yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin şagirdləri arasında sağlam rəqabət, əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkan yaradıb.