Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, idarənin əməkdaşları, şəhid ailələrinin üzvləri, rayon təhsil sektorlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram tədbirindən əvvəl qonaqlar məktəbin foyesində 44 günlük Vətən müharibəsinə həsr olunmuş şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən əsərlərdə şagirdlərin Vətənə sevgisi, qəhrəmanlıq tariximizə ehtiramı və tarixi Zəfərdən duyduqları qürur öz əksini tapıb. Qonaqlar məktəblilərin yaradıcılıq nümunələrini maraqla izləyərək onların istedad və bacarıqlarını yüksək qiymətləndiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından, hərbi qulluqçularımızın şücaətindən və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin əhəmiyyətindən bəhs olunub.
Qeyd edilib ki, Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu möhtəşəm qələbə xalqımızın illərlə yaşatdığı Vətən həsrətinə son qoymaqla yanaşı, milli qürurumuzu, dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Vurğulanıb ki, bu gün azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri tarixi Zəfərin davamı, gələcəyə yönəlmiş mühüm addımdır.
Tədbirdə şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin, qazilərimizin qəhrəmanlığının gənc nəslə aşılanmasının və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, təhsil müəssisələrinin üzərinə düşən əsas vəzifələrdən biri də Zəfər tariximizi gələcək nəsillərə düzgün çatdırmaq, Vətənə bağlı, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan vətəndaşlar yetişdirməkdir.
Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, səhnəciklər təqdim olunub və müxtəlif musiqi nömrələri ifa edilib.
Bayram tədbiri iştirakçılarda böyük qürur və qələbə ruhu yaradaraq xalqımızın birliyini, qəhrəmanlıq salnaməmizə olan ehtiramını və Zəfər Gününün milli yaddaşımızdakı əbədi yerini bir daha nümayiş etdirib.