02.11.2026

Sabirabadda məktəb-ailə əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib

Sabirabad rayonunda “Şagirdin təhsil və inkişafında vahid yanaşma: məktəb-ailə əməkdaşlığının gücləndirilməsi, qarşılıqlı məsuliyyət və sağlam təhsil mühitinin formalaşdırılması” mövzusunda konfrans keçirilib.

 

Konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov və valideynlər iştirak ediblər.

 

Tədbirdə məktəb və ailənin şagirdlərin təhsil və inkişafında birgə məsuliyyəti, valideynlərin təhsil prosesində fəal iştirakı, uşaqlarla sağlam ünsiyyətin qurulması və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məsələləri müzakirə olunub.

 

Çıxışlarda vurğulanıb ki, məktəb yalnız biliklərin mənimsədildiyi deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial bacarıqlar qazandığı və özünü ifadə etməyi öyrəndiyi mühüm mühitdir. Şagirdlərin uğurlu inkişafı isə məktəb və ailənin qarşılıqlı etimad və əməkdaşlığı ilə mümkündür.

 

Konfransda Cavid Məmmədli “Məktəb və ailə eyni komandada olanda şagird hansı zirvələri fəth edə bilər?”, “Valideynin məktəblə əlaqəsi formal iclaslardan daha dərin necə ola bilər?”, “Qiymət cədvəlindən kənarda şagirdin real inkişafını necə görmək olar?”, “Məktəb divarlarından kənarda da valideyn övladını necə qoruya bilər?” və “Məktəb-valideyn əməkdaşlığının gizli formulu nədir?” mövzuları ətrafında fikirlərini bölüşüb.

 

C. Məmmədli çıxışında məktəb və ailənin vahid komanda kimi fəaliyyət göstərməsinin əhəmiyyətinə toxunub. O, şagirdin inkişafının yalnız qiymətlərlə ölçülməməli olduğunu, uşaqların fərdi xüsusiyyətlərinin, maraqlarının və sosial bacarıqlarının da diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.

 

O, valideynlərin məktəblə əlaqəsinin formal görüşlərlə məhdudlaşmamalı olduğunu vurğulayaraq, uşaqların dinlənilməsi, onların ehtiyaclarının vaxtında müəyyənləşdirilməsi və məktəbdənkənar mühitdə də təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

 

Çıxışlar zamanı valideynlərin məktəblə əlaqəsinin yalnız valideyn iclasları və ya hər hansı problem yarandıqda qurulan ünsiyyətlə məhdudlaşmamalı olduğu vurğulanıb. Məktəb və ailə arasında gündəlik münasibətlərin, qarşılıqlı məlumatlandırmanın və açıq dialoqun inkişaf etdirilməsi şagirdlərin ehtiyaclarının vaxtında müəyyənləşdirilməsinə, onların fərdi xüsusiyyətlərinin nəzərə alınmasına və təlim-tərbiyə prosesinin daha səmərəli təşkilinə imkan yaradır.

 

Konfransda valideynlərin sualları ətrafında fikir mübadiləsi aparılıb, məktəb-ailə əməkdaşlığının daha səmərəli təşkili və şagirdlərin hərtərəfli inkişafının dəstəklənməsi istiqamətində müzakirələr keçirilib.

 

Qeyd olunub ki, məktəb və ailənin ortaq məqsəd, qarşılıqlı etimad və məsuliyyət əsasında qurulan əməkdaşlığı hər bir şagirdin uğurlu gələcəyinin əsasını təşkil edir.


Açar sözlər: ,  ,  ,