BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində, oktyabrın 20-dən noyabrın 20-dək olan müddət ombudsman tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə maarifləndirici tədbirlər keçirilir.
Uşaqların hüquqlarının qorunması, onların hüquqi biliklərinin artırılması və bu sahədə məlumatlılığının gücləndirilməsi məqsədi daşıyan tədbirlər şagirdlərin öz hüquq və vəzifələrini daha yaxşı tanımalarına, cəmiyyətdə məsuliyyətli mövqe formalaşdırmalarına töhfə verir.
Aylıq çərçivəsində məktəblərdə dəyirmi masalar, mövzuya dair açıq dərslər, müsabiqələr və interaktiv təqdimatlar təşkil olunur. Bu tədbirlər zamanı şagirdlər uşaq hüquqları, bərabərlik, azadlıq, hüquq və vəzifələr, eləcə də uşaqların müdafiəsi ilə bağlı mövzular ətrafında müzakirələr aparır, öz fikir və düşüncələrini bölüşürlər.
Maarifləndirici görüşlər uşaqların yalnız hüquqlarını öyrənməsinə deyil, həm də qarşılıqlı hörmət, bərabərlik və məsuliyyət prinsiplərini mənimsəməsinə şərait yaradır. Eyni zamanda, onların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsinin vacibliyi diqqətə çatdırılır.