16.11.2026

Beyləqanda “Məktəbdə bir gün” layihəsi davam etdirilir

Layihə çərçivəsində növbəti monitorinq Beyləqan rayonu Əlinəzərli kəndi Kərəm Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

 

Monitorinqdə Beyləqan rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Nərmin Cəfərova, eləcə də bir neçə ümumi təhsil müəssisəsinin direktoru, direktor müavini və təşkilatçıları iştirak ediblər.

 

Monitorinq zamanı məktəbdə tədris və idarəetmə prosesinin təşkili, məktəbdaxili sənədləşmə işlərinin vəziyyəti, intizam məsələləri yerində araşdırılaraq təhlil olunub.

Xüsusilə sinif jurnallarının aparılması, dərs cədvəllərinin düzgün tərtibi, müəllimlərin dərs yükünün bölgüsü, tədris planlaşdırılması və digər zəruri sənədlərin mövcud tələblərə uyğunluğu diqqət mərkəzində saxlanılıb. Aşkarlanan çatışmazlıqlar müzakirə edilib, onların aradan qaldırılması istiqamətində məktəb rəhbərliyinə müvafiq təklif və tövsiyələr verilib.

 

Daha sonra “Məktəb sənədləşməsində yeni dövr: Süni intellektlə sürətli, dəqiq, səmərəli” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil olunub.

 

Layihənin əsas məqsədi yalnız mövcud vəziyyəti qiymətləndirmək deyil, eyni zamanda, məktəblərdə idarəetmə və tədris prosesinin daha səmərəli təşkili üçün təcrübə mübadiləsinə şərait yaratmaq, qarşıya çıxan məsələlərin həllinə dəstək göstərmək və müsbət təcrübələrin yayılmasına töhfə verməkdir.


Açar sözlər: ,  ,  ,  ,