26.04.2017

Məktəblilər üçün muzeylərə ekskursiya təşkil olunub

Aprelin 23-də Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri və müəllim heyəti ölkəmizin maddi-mənəvi dəyəri olan, Dövlət Bayrağı Muzeyi, Şirvanşahlar sarayı, Atəşgah məbədi və Qobustan Dövlət Qoruğuna ekskursiya təşkil ediblər. Ekskursiya şagirdlərin əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, tarixi yerlər, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olmaq məqsədi ilə həyata keçirilib.

Şagirdlər ilk olaraq Dövlət Bayrağı Muzeyində müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları ilə tanış olublar. Qobustan Dövlət Qoruğunda və muzeydəki tarixi səhnələrdəki həyat tərzi şagirdlərdə həyəcanlı anlar yaşadıb. Qayaüstü rəsmlər, qaval daşları şagirdlərdə xüsusi marağa səbəb olub.

Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması, məktəblilərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ekskursiyada, tarix müəllimi tərəfindən maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.


Açar sözlər: ,  ,