26.05.2017

4 nömrəli məktəbdə şəhid Murad Mirzəyevin anım mərasimi keçirilib.

Sabirabad şəhər 4 nömrəli məktəbdə rayon təhsil şöbəsi və məktəb rəhbərliyinin  təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Murad Mirzəyevin anım mərasimi keçirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndələri, şəhidin atası Telman Mirzəyev, Murad Mirzəyevin döyüş yoldaşı leytenant Səbuhi Mehdiyev, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin ifa olunması ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları vətənin azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məktəbin direktoru Mahir Zahidov çıxış edərək bildirib ki, ölkəmizin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülmüş Murad Mirzəyev aprel döyüşlərində xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazan mətin döyüşçülərimizdəndir.

Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra şagirdlər vətənpərvərlik ideyalarını təbliğ edən şeirlər, mahnılar söyləyiblər.


Açar sözlər: ,