23.06.2017

Sabirabad rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri buraxılış imtahanları veriblər

İyunun 23-də Sabirabad rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri buraxılış imtahanları veriblər.  İmtahanda  IX sinif üzrə 2034, XI sinif üzrə isə 1345 şagird iştirak edib. İmtahan 4 mərkəzdə - Sabirabad şəhər 1, 2, 5 və 6 nömrəli tam orta məktəblərdə təşkil olunub.

IX sinif şagirdləri ana dili və riyaziyyat olmaqla iki fəndən, XI sinif şagirdləri isə ana dili, riyaziyyat və xarici dil olmaqla 3  fəndən imtahan veriblər.

Qeyd edək ki, IX sinif şagirdləri buraxılış imtahanını iki mərhələ şəklində veriblər.( Birinci mərhələ 18 mart 2017-ci il tarixdə keçirilmişdir.)

İmtahanda şagirdlər hər bir fənn üzrə 30 qapalı tipli test tapşırığı yerinə yetiriblər. Bundan əlavə, fərqlənmə attestatı almaq istəyən və təhsil göstəriciləri buna imkan verən XI sinif şagirdləri təqdim edilmiş mövzu üzrə esse yazıblar. İmtahanın müddəti XI siniflər üçün  2 saat 45 dəqiqə, IX siniflər üçün isə 1 saat 30 dəqiqə təşkil edib.

Buraxılış siniflərinin şagirdləri Dövlət İmtahan Mərkəzinin saytında http://eservices.dim.gov.az/sagird/indexsh.aspx?frm=egov keçidinə daxil olmaqla “Şagird-məzun” sistemindən özləri haqqında məlumatları öyrənə bilərlər. Şagirdlər bu səhifədə buraxılış imtahanından aldıqları qiymətlərlə yanaşı, təhsil sənədinə (attestata) yazılacaq yekun qiymətləri də görə bilərlər.

Qeyd edək ki, bu gün Sabirabad rayonu ilə yanaşı Xocavənd, Gəncə, Daşkəsən, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Şabran, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Göygöl, Siyəzən rayonlarında yerləşən ümumtəhsil məktəblərinin IX –XI sinif şagirdləri də imtahan veriblər.


Açar sözlər: ,