24.07.2017

Qəfərli kəndində modul tipli yeni məktəb binası quraşdırılıb

Ölkəmizdə modul tipli məktəblərin quraşdırılması davam edir. Təhsil Nazirliyi tərəfindən Sabirabad rayon Qəfərli kənd ibtidai məktəbi üçün də modul tipli yeni məktəb binası quraşdırılıb. 40 şagird yerlik binanın tikintisinə bu ilin fevral ayında başlanılıb. Bina nazirliyinin təsərrüfat hesablı tikinti idarəsi tərəfindən quraşdırılır. Məktəbdə artıq son tamamlanma işləri aparılır. Növbəti tədris ilində məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.


Açar sözlər: ,