25.10.2017

“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.

Konfransda "Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi" mövzusunda müzakirələr aparılıb.

Rayonun məktəb direktorlarının, təlim-tərbiyə işləri üzrə müavinlərinin, məktəb psixoloqlarının, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, gənclərin iştirak etdikləri tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb. O, rayonda dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən, Dövlət Komitəsinin dəstəyi ilə dini icmaların həyata keçirdiyi maarifləndirmə tədbirlərinin cəmiyyətin, xüsusilə gənclərin sağlam dini biliklərlə təmin edilməsindəki rolundan danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühitinin yeni bir dövrə qədəm qoyduğunu, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldığını bildirib. Sədr müavini Azərbaycanda mövcud olan bu tolerantlığın, sabitliyin qorunub-saxlanılmasında milli-mənəvi, dini dəyərlərin təbliğinin, xüsusilə gənclər arasında düzgün aparılmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Dövlət Komitəsinin gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətinə toxunub.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov məruzəsində XX əsrin sonlarından etibarən bəşəriyyətin bəlasına çevrilən dini radikalizmin miqyası, əhatə dairəsi, gətirdiyi qorxunc fəsadlar barədə danışıb.

Konfrans öz işini iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdırıb.


Açar sözlər: