01.11.2017

“Gənclərin vətənpərvərlik ruhu tərbiyəsində İslam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Qaratəpə kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” layihəsi çərçivəsində “Gənclərin vətənpərvərlik ruhu tərbiyəsində İslam həmrəyliyinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və əməkdaşı Elvin İbrahimov, icma sədri Cahangir Məhəmmədiyev, Qaratəpə kənd tam orta məktəbinin direktoru Gülnar Hüseynova, həmin məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan icma sədri Cahangir Məhəmmədiyev layihə barədə məlumat verərək bildirib ki, lahiyə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılmasıdır.

DQİDK-nın əməkdaşı Rövşən Nəzərov isə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq, hər bir gəncin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov qeyd edib ki, öz qədim tarixi irsinə, milli-mənəvi dəyərlərinə sadiq qalan hər bir gənc Vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunmalıdır. O, gənclərimizin yüksək vətənpərvərlik ruhunda yetişməsində ailələrin, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Məktəb direktoru Gülnar Hüseynova bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışaraq söyləyib ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda böyüməsində bu tədbirlərin əvəzsiz rolu var.

Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanılıb.


Açar sözlər: ,  ,