11.11.2017

Sabirabad məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tura qoşulub

Sabirabad rayon məktəbliləri respublikada həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tura qoşulub. Rayon ümumtəhsil məktəblərinin 40 nəfər şagirdindən ibarət qrup noyabrın 11-də Qəbələ-Şəki-Zaqatala şəhərləri marşrutu üzrə yola düşüb. Tur-aksiya il noyabrın 11-14  tarixlərini əhatə edəcək.

Heydər Əliyev Mərkəzinə toplaşan məktəblilər əvvəlcə burada eksponatlarla tanış olublar.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Qəbələ-Şəki-Zaqatala zonası həm turizm iqtisadiyyatı, həm də tarixi məkanları ilə tanınır. Tur aksiyanın 1-ci və 3-cü günü  Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna ekskursiyalar təşkil olunacaq.

Tur-aksiyanın 2-ci günü Şəki şəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və “Marxal” müalicəvi istirahət kompleksində davam etdiriləcək. Bu istiqamətdə səfərdə olacaq məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər.

Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.