14.02.2018

Müəllim şəxsiyyəti formalaşdıran şəxsiyyət modelidir

2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsi ilə Sabirabad rayon ümumtəhsil məktəblərinə 300 nəfərdən çox müəllim işə qəbul olub. Onlardan biri də Bulaqlı kənd tam orta məktəbin ingilis dili müəllimi Haqverdiyeva Rəqsanədir.

Onunla baş tutan müsahibəmizi Sizə təqdim edirik:

Mənə özünüzdən bəhs edin. Özünüzü necə təqdim edərdiniz?

Mən Haqverdiyeva Rəqsanə Tapdıq qızı 1987-ci il martın 5-də Qərbi Azərbaycanda dünyaya göz açmışam. Təhsilimi Bakı şəhərində yerləşən Bakı Məktəb-Lisey Kompleksində almışam. 2005-ci ildə təhsilimi müvəffəqiyyətlə başa vurdum və  Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı müəllimi ixtisasına qəbul oldum. Təhsil aldığım müddətdə Bakı-Anadolu liseyində akademik praktika keçmişəm, universitetin nəzdində fəaliyyət göstərən dərnəklərə qoşulub, tədbirlərdə çıxış edib, sertifikatlar əldə etmişəm. Öyrəndiyim dili daha mükəmməl qavramaq adına TOEFL dil kursuna da qatılmışam Bütün bu fəaliyyətlərin gələcək karyeramda mənə yaşıl işıq olacağını düşünmüşəm. 2010-cu ildə Universiteti bitirdim.

Daima üzərimdə işləyib, unikal olmağa çalışmışam. Hər bir anlayışla bağlı anlayışım olsun istəmişəm. Əslində bütün bunları nə üçün etdiyimə o zaman bu zamandakı kimi məna verə bilmədiyimi anlayıram. Əslində mən özümdə müəllim modeli formalaşdırmaq istəyirəmmiş.

Heç zaman yorulmayan, daim yeniliklər edən və axtaran, zaman, məkan, yaxın-uzaq, kənd-şəhər anlayışlarını bir-birindən ayırmayan biri olmuşam. Bir çox işləri bir anda edə bilmək istədiyimdən həmişə zamanın azlığından şikayətlənib, sırf birşey öyrənim deyə gecədən zaman oğurlamışam. Əlimdən kitab, dəftər, qələm düşməyən, qonaq gələndə, işıqlar sönəndə bunu dərs öyrənməyə bəhanə etməyən, müəllimlərini sevən və müəllimləri tərəfindən sevilən şagird olmuşam mən. Bütün özümdə hiss etdiyim mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri, istedadı, bacarığı qarşıma çıxan müəllimlərimin mənə qazandırdığını həmişə özümə etiraf etmişəm. Sevdiyim müəllimlərimin səsi, cizgiləri, xasiyyəti hələ də yaddaşımdadır. Öz müəllimlərimi - Azərbaycan müəllimlərini öz karyerama yüksəlməkdə model seçmişəm. Bütün bunları oxuyan biri bəlkədə məqsədimin özümü tərifləmək olduğunu düşünə bilər. Lakin məqsədim müasir müəllimlərində öz üzərlərində işləməsini, yenilikçi olub şagirdlərin gözündə səxsiyyətli, savadlı model olaraq uğur əldə edə biləcəklərini göstərməkdir.

Sizcə əsl müəllim modeli necə olmalıdır?

Müəllimin vəzifəsi yalnız şagirdə dərs izah etmək deyil. Şagird psixologiyasına uyğun olaraq, onlar bizim dediklərimizdən çox etdiklərimizi örnək alırlar. İstəyirəm ki, şagirdlərim məni daima oxuyan, üzərində işləyən müəllim kimi görsünlər və oxumağı sevsinlər. Əsl müəllim şagirdlərində öyrətməkdən çox öyrənmək istəyi yaratmağı bacarmalıdır.

Şagirdlərin hər zaman çox dəyərli fikirləri olur. Mən bu fikirlərə diqqət edirəm. Onlardan öyrənə biləcəyim hər nə varsa, bunu çəkinmədən edirəm.

Müəllim özünün yox şagirdlərinin nailiyyətləri ilə tanınır. Müəllim şagirdlərinin uğuru varsa, müəllimdir. Yeni başladığım işimdə vəzifəm də, məqsədim də uğur qazanmış şagirdlər yetişdirməkdir.

İşə qəbulla bağlı təəssüratlarınız necədir?

2017-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən Müəllimlərin işə qəbul imtahanında iştirak edib, 47 bal toplayaraq, ilk seçdiyim məktəbə qəbul oldum. Müsahibe mərhələsi mənim üçün çox həyəcanlı idi. Müsahibənin gedişatından artıq uğur qazandığımı anlamışdım. Artıq şəxsi səhifəmdə görünən lakin iş yerim olacağından əmin olmadığım Sabirabadın Bulaqlı kənd tam orta məktəbi mənim iş yerim idi. Göstərilən tarixdə sənədlərimi təqdim etməklə uğurlu iş həyatıma imza atdığımı düşünürəm.

Kənd məktəbində işləmək çətin deyilki?

Belə bir deyim var. “Niyyətin hara, mənzilin ora.” Ürəyimdə hardasa özümun belə qəbul edə bilmədiyim bir arzum var idi. Hər zaman kənd uşaqlarına dərs demək, onlara dəstək olmaq istəmişəm. Amma bunu necə reallaşdıra biləcəyimi və bilməmiş arzu olaraq ürəyimdə saxlamışdım. İşə qəbul imtahanı isə arzuma aparan bir yol idi və budur mənim arzum realdır. Kənd məktəbində təhsil vermək çətin deyil, sadəcə məsuliyyətimin böyük olduğunu dərk edirəm. Şagirdlərimin məni sevməsi (hər biri məktəbin həyət qapısının önündə qucaqlayaraq qarşılayırlar məni), fənnimə maraqları, səylə çalışmaları bütün maneələri, çətinlikləri dəf edir. Bakı avtovaqzalında səhərin alaqaranlığında, Sabirabad avtobusunu dərsinə yetişmək üçün gözləyən zaman məni görənlərə çətin görünə bilər. Əslində isə mən o an özümlə qürur duyuram. Bu "çətinlik" adlandırılan hisslər mənə əsl müəllim olmaq hissini yaşadır. Bəlkədə çətinliklər adlanan hisslərsiz mən işimi bu qədər sevə bilməzdim. Kənd məktəblərində dərslərimiz odun istisinə qızınan isti münasibətlər əsasında qurulur və dərslərimiz bu istiliklə daha da məhsuldar olur.

Kənd məktəbində işləməyi çox bəyəndiyinizi hiss etdim. Bəs Sizcə kənd məktəbində işləməyin daha hansı üstünlükləri var? Kənd məktəblərində işləmək istəyən müəllimlərə nə məsləhət edə bilərsiniz?

Çox doğru qeyd etdiniz, uzun müddət kənd məktəbində işləmək planım var. Əslində ailəli insanlar üçün belə işləməyi çətin bilirlər. Mənə görə isə, həvəsləndirmə tədbirləri məhz ailəli müəllimlər üçün gözəl bir şansdır. Mən də bu şansdan istifadə etmək istəyirəm. Müəllim ehtiyac olan yerdə daha çox müəllimdir. Yeni müəllimlər heç bir çətinlik deyilən anlayışlardan çəkinməsinlər. Çünki, hər kəsin çətinlik anlayışı fərqlidir. Kənd əhalisinin müəllimə sevgisini, hörmetini görməklə mən sənətimlə daha da fəxr edirəm.

Şagirdlər dərsdən kənar vaxtlarını necə dəyərləndirməlidirlər?

Dərs müddətində olduğu kimi dərsdən kənar vaxtlarda da düşünürəm ki, şagirdlər yaradıcı işlərlə məşğul olub, mütailə edərək həyatı daha yaxından seyr edib, rəngarənləşdirə bilərlər. Xüsusi istedadlı uşaqlara diqqət edilərək, bu istiqamətdə də onlara dəstək göstərilməlidir.

Bəs Siz özünüz boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

3 (Atilla) və 8 (Emil) yaşlarında 2 övladım var. Zamanımı onlarla öyrədici oyunlar oynayaraq keçirirəm. Məktəbə gedərkən, yola sərf olunan 2 saat vaxtimı da əsərlər oxuyuram. Gecədən oğurladığım zamanda şeirlər yazıram. Əl işlərini çox sevirəm. Vaxtımın geri qalan hissəsini əl işləri edərək başa vururam.

İşlədiyiniz məktəblə bağlı nə kimi gələcək planlarınız və layihələriniz var?

Kənd məktəblərində xüsusilədə Şəhidlər Xiyabanını ziyarət etməyən şagird qalmasın istəyirəm. Şagirdlərimin Şəhidlər Xiyabanına ziyarətini, Bakıdaki muzeyləri ziyarətini təşkil etmək istəyirəm. Yuxarı sinif şagirdlərində oxumağa həvəsi artırmaq adına, onlarla universitetlərə ziyarət təşkil etməyidə planlaşdırıram. Özlərini universitet həyatının içində görərək bir daha seçim etmeklərinə şans yaratmaq istəyirəm.


Açar sözlər: ,  ,  ,  ,