Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə, Va sinfində coğrafiya müəllimi Nurlana Əsgərova tərəfindən həyat bilgisi fənnindən "Təbiətə borcumuz" mövzusunda açıq dərs keçirilib.
Dərsdə təhsil şöbəsinin nümayəndəsi, məktəb rəhbərliyi və müəllimlər və digər şəhər məktəbinin müəllimləri iştirak ediblər.
Müzakirə, beyin həmləsi iş üsulları və kiçik qruplarla iş, müzakirə iş formalarından istifadə edilərək keçirilən dərsin motivasiya mərhələsində Nurlana müəllim şagirdlərə ötən ay ərzində məktəbin həyətində şagirdlər ağac əkərkən çəkilən şəkilləri və digər şəkillərdə isə ağac kəsilmələri, ətraf mühiti çirkləndirən insanlar slaydlarda nümayiş etdirib. Şagirdlər şəkillərə baxaraq müqayisə ediblər. Sonra qruplar - "Çay", "Meşə" və "Dağ" "İnsanın təbiət qarşısında borcu nədən ibarətdir?" tədqiqat sualı üzərində işləyib və qrup liderləri tərəfindən iş vərəqələri təqdim olunub. Şagirdlərin təqdimatından sonra cavablar müzakirə olunaraq sistemləşdirilib.
Yaradıcı tətbiqetmə mərhələsində şagirdlər təbiətə borclu qalmamaq üçün görüləcək işləri sadalayıblar.
Açıq dərsin sonunda dərs iştirakçı müəllimlər tərəfindən müzakirə olunub, irad və tövsiyələr bildirilib.