16.04.2018

“Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi başa çatıb

Sabirabad rayon Gənclər və idman idarəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə keçirilən “Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi başa çatıb.

Oyun Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirlikləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.

Yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Oyunlarda rayonun 42 məktəbinin şagirdləri iştirak ediblər. Yarış zamanı məktəbləri hər birində14 nəfər (10 oğlan, 4 qız) olmaqla VIII və X sinif şagirdlərindən ibarət komandalar təmsil edib. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayıb və hər bir komanda 5 ballıq sistem üzrə qiymətləndirilib.

Sonda 1-ci yerə Mikayıl Müşviq adına şəhər 4 nömrəli tam orta məktəbinin "Qarabağ" komandası qalib gələrək Şirvan şəhərində keçiriləcək ZONA turuna vəsiqə qazanıblarlar. II və III yerlərə isə şəhər 2 nömrəli tam orta məktəb və Şəhriyar kənd tam orta məktəbi layiq görülüb.