Sabirabad rayon Heydər Əliyev Mərkəzində təhsil işçilərinin ənənəvi sentyabr konfransında keçirilib. Konfransda Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun baş məsləhətçisi İsaq Məmmədov, İcra hakimiyyətinin nümayəndələri, təhsil işçiləri və yüksək bal toplayan məzunlar iştirak ediblər.
İştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri düzüblər.
Konfransda rayonda təhsil sahəsində əldə olunan nəticələrdən danışılıb. Vurğulanıb ki, qəbul imtahanlarının nəticələrinə görə, bu il ümumtəhsil məktəblərini bitirən məzunlardan 311 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 15 nəfəri 600-dən yuxarı, 37 nəfəri isə 500-600 arası bal toplayıb.
Qeyd edilib ki, yeni dərs ilində rayondakı 85 ümumtəhsil məktəbində 26122 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 2 366 müəllim məşğul olacaq. Müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim” adına, 11 nəfəri “Tərəqqi” medalına layiq görülüb, 14 müəllim isə “Qabaqcıl təhsil işçisi”dir.
Tədbirdə çıxış edənlər, həmçinin işdə yol verilmiş nöqsanları ətraflı təhlil edərək, mövcud problemlərlə bağlı rəy və təkliflərini bildiriblər.
Sonda rayonun ümumtəhsil məktəblərinin bir qrup qabaqcıl müəlliminə və 600-dən çox bal toplayan məzunlara pul mükafatı, qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.