Sabirabad rayonunun 85 ümumi təhsil müəssisəsində yaradılmış 95 məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Sabirabad şəhər 2 nömrəli məktəb-liseydə tədrisi rus və Azərbaycan dillərində olmaqla iki qrup yaradılıb.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir və dərs ili iki yarım ilə bölünür. Məşğələlər isə mayın 31-də başa çatır.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.