17.11.2018

Şahmat üzrə rayondaxili mərhələ yarışı keçirilib

Sabirabad Rayon Təhsil Şöbəsinin və Sabirabad Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Məktəblər arasında respublika çempionatı” çərçivəsində Sabirabad Şahmat İdman Uşaq Gənclər Məktəbində şahmat üzrə rayondaxili mərhələ yarışı keçirilib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq çıxış edərək bildirib ki, çempionatın keçirilməsində məqsəd şagirdlər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətlərini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək, idman növü üzrə qalib məktəblərin idmançılarının aidiyyəti beynəlxalq yarışlarda iştirakını təşkil etməkdir.

Sonra Şahmat və İdman məktəbinin direktoru Əməd Mehtiyev yarış haqqında şagirdlərə geniş məlumat verərək iştirakçılara uğurlar arzulayıb. Təhsil şöbəsinin metodisti Əlisahib Nəsirov  qaydaları  xatırladaraq yarışa start verib.

Yarışda rayonun 7 ümumtəhsil müəssisəsi - Sabirabad şəhər 1, 3, 4, 5 nömrəli və Ulacalı, Axsıxa, Qaraqaşalı kənd tam orta məktəbləri iştirak ediblər. II,III və IV siniflər üzrə hər sinifdən bir qız və bir oğlan olmaqla 6 nəfərdən ibarət 7 komanda iştirak etdiyi yarışda ümumi 42 şagird mübarizə aparıb.

Mikayıl Müşfiq adına şəhər 4 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. Ulacalı kənd tam orta məktəb ikinci, Axısxa kənd tam orta məktəb isə üçüncü olublar.