30.11.2018

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təşkil olunan təlim kurslarının yekun qiymətləndirilməsi keçirilib

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təşkil olunan təlim kurslarının yekun qiymətləndirilməsi keçirilib.

İmtahanda Sabirabad, Saatlı, İmişli, Cəbrayıl, Füzuli və Zəngilan rayonundan ümumilikdə 236 müəllim iştirak edib. İmtahanda müəllimlər 40 dəqiqə ərzində 25 test sualını cavablandırıblar.

Qeyd edək ki, bundan öncə rayonlarda həmin müəllimlər üçün 6 günlük təlim keçirilib. Təlimin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.