14.12.2018

Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Ceyhun Bayramov dekabrın 14-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib.

Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, işə bərpa olunma, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.


Açar sözlər: