20.02.2019

"İstəyirəm ki, cəmiyyətin bütün təbəqələri üçün təshil ən birinci sırada dayansın"

Elnurə Abbasova  1987-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində olub. Orta təhsilini başa vurduqdan sonra 2004-cü ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olaraq ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb.  2008-ci ildə  Sabirabad şəhər 1 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi təyin  olunub.  11 ildir ki, bu məktəbdə müəllim işləyir.

Elnurə xanım artıq 11 ildir ki, müəllim kimi fəaliyyət göstərirsiz. Bu peşəni seçməniz haqqında danışın.

Mənim ailəmdə valideynlərim təhsilə böyük önəm verib. Ən çox da anam ali təhsil almamı və həkim olmamı istəyirdi. Amma məktəbdə ingilis dili müəllimim ingilis dilini mənə sevdirdi. O zamandan qərara gəldim ki, ingilis dili müəllimi olacağam. Həm bu fənni çox sevirdim həm də bu dil məni sanki başqalarından fərqləndirirdi. Atam da Ali məktəbə qəbul olanda mənə arxa dayaq oldu, dəstəklədi.

İndi artıq peşəkar müəllimsiz, kifayət qədər təcrübəniz var. Bəs ilk fəaliyyətə başlayanda necə çətinliklərlə qarşılaşdınızmı?

Təbii ki, həyəcanlı idim həm də bir o qədər rahat. Çünki rayona dönərkən artıq hər kəsin mənim haqqımda məlumatı var idi. Ali məktəbə qəbul imtahanında yüksək bal toplamışdım. Tanıyanlar bilirdiki ki, necə səylə çalışmışam. Ona görə də bir neçə məktəbdən və kollecdən həmin məktəblərdən işə başlamğım üçün dəvət etmişdilər.  Həmin dövrdə hələ ki Müəllimlərin İşə Qəbulu imtahanı tətbiq olunmadığından məktəbi özüm seçdim və beləliklə 1 nömrəli məktəbdə müəllim kimi fəaliyyətə başladım. Hər kəs məni xoş qarşılayırdı və bu məndəki həyəcanları yox edirdi.

Fənninizi şagirdlərə necə sevdirmək hansı üsullardan istifadə edirsiz?

Şagirdlərin istənilən bir fənnə münasibəti birbaşa onun müəllimindən asılıdır. İlk öncə müəllim şagirdlərlə davranışına fikir verməlidir. Əgər müəllim daim xoş münasibət bəsləyib öz fənnini sevgi ilə tədris edərsə, şagirdlərin bu fənnə biganə yanaşması mümkün deyil.  Demək olar ki, məktəb mənim ikinci ailəmdir. Bir düşünün, hər gün eyni insanları görüb ünsiyyətdə olursan və artıq onlarla doğmalaşırsan. Doğma insanlara isə insan hər zaman qayğı ilə yanaşır.

Doğrudur gərək müəllim həm öz fənnin sevsin. Amma etiraf edək ki, bütün şagirdlər hər zaman dərslərini yaxşı hazırlaşmır.

Təbii ki, oxumayan şagirdlər də olur. Bunun bir neçə səbəbi var. Ən böyük səbəb valideyinin öz övladının təhsili ilə maraqlanmaması yaxud ona dəstək olmamasıdır. Digər amillərə isə şagirdin yaşadığı mühit, dost və tanışlarının necə insanlar olması aiddir.

Siz indiki dövrdə şagirdlərdə hansı problemləri müşahidə edirsiz?

Əslində problem yalnız qızlarda müşahidə etmək olur. Çünki bəzi valideynlər qızlarının ali təhsil almasına dəstək olmur. Buna çox təəssüflənirəm. Qızların Ali təhsilli olması daha vacibdir. Misal üçün mən ali təhsilliyəm və bunun sayəsində həm övladlarımın təhsili ilə məşğulam həm ailənin maddi baxımdan təmin olunmasında daim dəstək oluram həm də evə qapanıb qalmıram, sevdiyim işlə məşğul oluram.  Amma araşdırsaq əksər oxumayan yaxud zəif  şagirdlərin valideynləri təhsilsiz olacaq.

Oğlan uşaqlarında isə problem yox daha çox zərərli vərdişlər olur. Onlar daha çox telefon ve kompüter oyunlarının audəçisinə çevriliblər. Bunun nəticəsində oğlanların çoxu hətta çox bilikli olsalarda ev tapşırıqlarını yaxşı hazırlamırlar. Mən də dərsi elə təşkil etməyə çalışıram ki, şagirdlərim bütün dərsi elə dərsin gedişində mənimsəyib öyrənsilər.

Bilirsiniz ki artıq ingilis dili buraxılış imtahanı fənnləri sırasına daxil edilib və bu Sizin məsulliyyətinizi daha da artırıb.  Siz daha yaxşı nəticə əldə etmək üçün hansı üsullardan istifadə edirsiz?

Deyrədim ki, mənim tədris üsulumda böyük dəyişiklik olmayıb. Dərs zamanı şagirdlərlə yalnız ingilis dilində danışırıq, onlarda dinləyib analama qabiliyyətini inkişaf etdirmək üçün ingilis dilində səsli mətnlər olan disklərdən istifadə edirəm. Ən mühüm amil  valideyn, şagird və müəllim münasibətlərini düzgün tənzimləmək, şagirdi stimullaşdırmaq və inandırmaqdır.

Son illər Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində həyata keçirilən islahatlara, tədbirlərə və yeniliklərə münasibətiniz necədir?

Sözsüz ki bütün yenilikləri islahatları müsbət qarşılıyıram.  İslahatlar nəticəsində artıq müəllim kimi hörmətimiz, nüfuzumuz yüksəlib. Təhsildə keyfiyyətin yüksəlməsinə səbəb olub.

Bu yeniliklər içində daha çox üstünlük verdiyiniz hansıdır?

Ən çox Diaqnostik Qiymətləndirmənin keçirilməsinə sevindim. İmtahanda 55 bal toplamışam. Diaqnostik Qiymətləndirmənin nəticələrinə əsasən dərs saatları bölündü, və kimin hazırlıq səviyyəsi nə qədər olduğu məlum oldu. Həm də hazırlıq səviyyəsi zəif olan müəllimlər artıq öz səviyyələrini bilib, üzərlərində işləməyə başladılar. Təhsil Nazirliyi tərəfindən onların peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər təşkil olundu. Bu həm də şagirdlərin xeyrinə oldu.

Amma ümumilikdə götürsək təhsil sisteminin elektronlaşmasını, şəffaflığın artırlmasını alqışlayıram.

Bir müəllim kimi  hansı planlarınız yaxud arzularınız var?

Hələ tələbə vaxtından magistratura pilləsi üzrə təhsilimi davam etdirmək və xarici ölkələrdə təhsil almaq istəmişəm. Amma təəssüf ki, bunların heç birinə nail ola bilməmişəm. Bakalavr pilləsini bitirən kimi ailə qurdum. Artıq bundan sonra şanslarım azaldı. Həm evdəki həm məktəbdəki uşaqlarımdan ayrılıb gedə bilmirəm. Ama qısa müddətli təlimlərdə iştirak etmək niyyətindəyəm. Özüm gedə bilməsəmdə şagirdlərimi hər zaman xaricdə təhsil proqramları haqqında məlumatlandırıram.

Sonda hansı fikirlərinizi oxuculara çatdırmaq istəyirsiz?

İstəyirəm ki, cəmiyyətin bütün təbəqələri üçün təshil ən birinci sırada dayansın. Əgər təshilimiz güclü olarsa həm millətimiz həm dövlətimiz güclü olar. Yaxşı təhsillə inkişaf edib öz həyatımızı və gələcək nəsillərin həyatını da yüngülləşdirmiş olarıq. Ama bunun üçün hər kəs əl-ələ verməlidir.


Açar sözlər: ,  ,