18.03.2019

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən  tur-aksiyası çərçivəsində şagirdlər Şəmkir şəhərinə olublar.

Sabirabad rayon ümumtəhsil məktəblərinin “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları - IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri və müəllimlər martın 15-də Şəmkir şəhərinə olublar.

Tur-aksiya iştirakçılarının Şəmkir şəhəri ilə tanışlığı Heydər Əliyev Park Mərkəzinin qarşısından başlayıb.

Məktəbliləri Mərkəzin önündə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Tur-aksiya iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb.

Bildirilib ki, Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələrlə tanış olacaqlar.

Məktəblilərə Azərbaycanın qərb bölgəsində yerləşən Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, buranın xəritəsində yenicə əksini tapmış müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları haqqında da ətraflı məlumat veriləcək.

Sonra tur-aksiya iştirakçıları Şəmkir Şəhər Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bildirilib ki, bina orijinal memarlıq üslubunda inşa edilib. Belə ki, mərkəzin daxilində yan divarlarda Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolara baxan hər kəs irəlilədikcə istər-istəməz yüksəkliyə qalxmış olur. Bu cür memarlıq həlli isə həm rəmzi məna daşıyır, həm də ümummilli lider Heydər Əliyevin yüksələn siyasi fəaliyyətini əks etdirir.

Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar.

Sonra şagirdlər tur-aksiya çərçivəsində Şəmkir Rayon Tarix-Diyarşünaslıq və Etnoqrafiya Muzeyinə gəliblər. Burada sərgilənən bir çox tarixi eksponatlar, xüsusən son dövrlərdə qədim Şəmkir ərazisində aparılan arxeoloji qazıntılar vaxtı aşkarlanan maddi-mədəniyyət nümunələri, eramızdan əvvəlki dövrdə Şəmkirin qədim Misirlə ticarət əlaqələrini sübut edən böyük sütun altlıqları haqqındakı məlumatlar məktəblilərin marağına səbəb olub.

Şəhərin ictimai və tarixi binalarının ətrafında, istirahət parklarında ucaldılan, Şəmkirin tarixini və etnoqrafiyasını özündə əks etdirən bir sıra heykəllər də məktəblilərin diqqətini çəkib. Onlara XIX əsrdə Alman koloniyaçıları tərəfindən salınan, çatmatağlı, taxta aynabəndli, eyvanlı, üstü kirəmitli binalar, enli, təmiz və səliqəli küçələr, bir sözlə, bu şəhərdə tarixin yadigarları kimi qorunan bir çox dəyərli abidələr haqqında ətraflı məlumat verilib.


Açar sözlər: ,