Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil müəssisələrinin müəllimləri üçün ixtisasartırma təlimləri keçirilir. Fizika, kimya, informatika və tarix fənnlərindən keçirilən təlimlərə diaqnostik qiymətləndirmədə iştirak etmiş və öz ixtisasından 25 baldan az bal toplayan müəllimlər cəlb olunub. 4 ixtisas qrupunda ümumilikdə 107 nəfər müəllim iştirak edir. 20 gün keçirilməsi planlaşdırılan təlimlər artıq 10 gündür ki davam edir.
Təlimin keçirilməsində əsas məqsəd iştirakçıların ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, ölkənin təhsil sahəsində fəal və səmərəli iştirakını təmin etməkdir.
Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən keçiriləcək. Yekun qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərinə ixtisasartırma təhsili haqqında sertifikat təqdim olunacaq.