01.10.2019

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə icma əsaslı məktəbəqədər təhsil qruplarında məşğələlərə start verilib

Oktyabrın 1-də Sabirabad rayonun 3 ümumi təhsil müəssisəsində yaradılmış icma əsaslı məktəbəqədər təhsil qruplarında məşğələlərə start verilib. Məktəblərdən biri də Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdir.

Qeyd edək ki, hazırda UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə layihə icra olunur. Hər mərkəzdə orta hesabla 20 nəfər olmaqla 3 və 4 yaşlı uşaq məktəbəqədər təhsilə cəlb edilib. Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

İcma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər.

Layihələrin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.


Açar sözlər: ,