16.11.2022

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə tikilmiş abidə kompleksinin açılış mərasimi olub

Sabirabad rayon Qarağac kənd tam orta məktəbində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə tikilmiş abidə kompleksinin açılış mərasimi olub.

 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Mərasimdə Sabirabad rayon təhsil sektorunun müdiri Pəhlivan Qarayev,  Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Kərimov, Rayon İcra Hakimiyyətinin Şöbə müdiri Müslüm Rzayev, Qarabağ Veteranlar şurasının sədri Faiq Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov,  Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin atası Telman Mirzəyev, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, şagirdlər və müəllimlər iştirak edib.

 

Tədbirdə çıxış edənlər Azərbaycan xalqının qazandığı Qələbədən, ordumuzun gücündən, müharibə vaxtı əsgərlərimizin həyata keçirdiyi hərbi əməliyyatlardan, igidlərimizin göstərdiyi şücaətlərdən danışıblar. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük abadlıq və quruculuq işlərindən məlumat veriblər. Şəhidlər abidəsinin inşasından danışaraq, ölkəmizdə şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif layihələrin icra olunduğunu, abidənin yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Şəhid ailələri və qazilər ölkəmizdə dövlət səviyyəsində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Daha sonra məktəblilər Vətənə, Qələbəyə aid şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,