10.03.2023

Xankişiyeva Güldənə Adişirin qızının IX sinifdə "açıq dərs"i dinlənilib

Sabirabad şəhər N. Gəncəvi adına 5 nömrəli tam orta məktəbin kimya müəllimi Güldənə Xankişiyevanın IX sinifdə "açıq dərs"i dinlənilib.

 

"Açıq dərs"də Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov iştirak edib.

 

Dərsi şagirdlərə yeni innovativ metodlardan istifadə edərək izah edən Güldənə müəllim şagirdlərə mövzu ilə bağlı qısa animasiya filmi nümayiş etdirib. Dərsin əyani surətdə keçirilməsi, elmi məlumatların yeniliyi və zənginliyi, Güldənə müəllimin pedaqoji ustalığı onun uğurlarını bir daha təsdiq edib.

 

Daha sonra şagirdlər tərəfindən təqdimat hazırlanaraq müzakirə edilib. Şagirdlərin təqdimatı göstərib ki, şagirdlərə öz fikirlərini sərbəst şəkildə şifahi və yazılı formada ifadə etmək, tədqiqatçılıq, nitqin səlisliyini gözləmək vərdişləri aşılanıb. Bununla yanaşı, dərsin gedişindən aydın olub ki, müəllim coğrafiya, biologiya və riyaziyyat fənnləri arasında inteqrasiya qurmağın da öhdəsindən asanlıqla gəlir.

 

Sonda "açıq dərs"də izləyici qismində iştirak edən qonaqların dərsin gedişatı ilə bağlı fikirləri dinlənilib. Qonaqlar "açıq dərs"in belə bir şəkildə təşkil olunduğuna öz müsbət münasibətlərini bildirib, bu ənənənin digər məktəblərdə də davam etdirilməsini vurğulayıblar.


Açar sözlər: ,  ,