16.03.2023

İdarə müdiri Respublika fənn olimpiadalarının qalibləri ilə görüşüb

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin iştirakı ilə 2022-2023-cü tədris ili üzrə fənn olimpiadalarının final turuna vəsiqə qazanmış şagirdlərlə görüş keçirilib. Görüşdə fənn olimpiadalarının yarımfinal turunun qalibləri, məktəb direktorları və qaliblərin valideynləri iştirak edib. 

 

Görüşdə çıxış edən Rəşad Musayev öncə qalibləri təbrik edib, onlara ən xoş arzularını bildirib və qaliblərə bu yolda uğurlarının davamlı olmasını arzulayıb. Elmə marağın artırılmasına və istedadlı gənclərin aşkara çıxarılmasına xidmət edən fənn olimpiadalarının önəmindən danışan Rəşad müəllim şagirdlərin müxtəlif bilik müsabiqələrində iştirak etmələrinin onların potensialının inkişafında mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, istedadlı gənclərin vaxtında üzə çıxarılması ölkənin dayanıqlı inkişafının və işıqlı gələcəyinin təminatıdır.

 

Sonra çıxış edənlər fənn olimpiadalarının təhsilin inkişafında rolundan danışıblar və qalib məktəblilərə növbəti mərhələdə müvəffəqiyyət qazanmaları üçün öz tövsiyələrini çatdırıblar.

 

Sonda fənn olimpiadalarına hazırlıq işinin təşkili ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.