Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetlə (ADPU) birgə əməkdaşlıq çərçivəsində Universitetin Tədris Departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin dəstəyi ilə 29 mart 2023-cü il tarixində Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorları üzrə ümumi təhsil müəssisələrində hal-hazırda X sinifdə təhsil alan, 2021-2022-ci tədris ili üzrə IX sinif buraxılış imtahanında yüksək nəticə göstərmiş, ADPU-nun müəllimlik ixtisası üzrə tələbəsi olmaq arzusunda olan şagirdlərin “Bir günlük tələbə olaq” adlı layihə çərçivəsində ADPU-ya ekskursiyası təşkil olunmuşdur.
Ekskursiyanın məqsədi şagirdlər bir günlük tələbə həyatı yaşamaqla şagirdlərdə Universitet haqqında ümumi təsəvvür formalaşdırmaq, tədris prosesi ilə yaxından tanışılıq, Universitetin maddi-texniki bazası və infrastrukturu ilə əyani tanış olmaq, şagirdlər arasında Universitetin təbliği və gələcəkdə məzunların Pedaqoji Universitetin tələbəsi olmaq istəklərini daha da artırmaq, şagirdlər arasında Universitet haqqında təəssüratalarını oxuduqları məktəblərdə, həmçinin həmyaşıdları arasında bölüşmək və onlara stimul verməkdən ibarət olmuşdur.
Ekskursiyaya gələn şagirdlərlə Universitetin Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova, Tədris işləri üzrə prorektoru Eldar Aslanov, Elm və İnnovasiyalar üzrə prorektoru Asəf Zamanov, Tədris Departamentinin direktoru Sənan Əliyev, Filologiya fakültəsinin dekan əvəzi Pəri Paşayeva, dekan müavini Könül Həsənova, riyaziyyat fakültəsinin dekanı Araz Fərəcov görüşmüşlər. Görüş zamanı Universitetdə tələbələrin elmi bilikləri əldə etməsi üçün hər cür şəraitin yaradıldığı barədə, mövcud olan fakültələr və ixtisaslar haqqında ətraflı məlumat verilmişdir.
Daha sonra şagirdlər Filologiya fakültəsində tədris prosesində iştirak etmişlər. Kitabxana-İnformasiya Mərkəzində kitabxana fondu haqqında, kitabxananın texniki imkanları barədə ətraflı məlumat almışlar. Şagirdlər Universitetin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etdidikdən sonra “Bir günlük tələbə olaq” adlı layihə çərçivəsində ekskursiya başa çatmışdır.
Ekskursiya şagirdlərin böyük marağına səbəb olmuş və layihə çərçivəsində ekskursiyalar davam edəcəkdir.