Sabirabad şəhəri 2 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib.
Görüşdə MMRTİ-nin müdir müavini Rabil Şahbazov, Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov və Sabirabad rayon təhsil sektorunun müdiri Pəhlivan Qarayev iştirak ediblər.
Tədbirdə çıxış edənlər sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimlərə ətraflı məlumat veriblər. Müəllimlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, sertifikasiya nəticəsinin müəllimlərin karyera inkişafına və onların əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıblar.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.
Sonda sertifikatlaşdırma imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.