14.04.2023

“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib

Sabirabad Olimpiya İdman Kompleksində Sabirabad Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon bölməsinin və Sabirabad rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin VIII və X sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib.

 

Birinciliyin açılış mərasimində çıxış edənlər aidiyyəti dövlət qurumlarının birgə təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildiriblər.

 

Hərbi-idman oyununda məktəblilər sıra, intellektual müsabiqə, mülki müdafiə, fiziki hazırlıq, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması, darağa patronun doldurulması və boşaldılması üzrə bacarıqları yoxlanılıb.

 

Yarışın yekun nəticələrinə əsasən Çiçəkli kənd tam orta məktəbin komandası I, M. Müşviq adına şəhər 4 nömrəli tam orta məktəbin komandası II, H.Z.Tağıyev adına şəhər 6 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

 

Birinci yeri tutan Çiçəkli kənd tam orta məktəbin komandası, eyni zamanda, respublika çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Yarışda yer tutan komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.


Açar sözlər: ,  ,  ,